Demokratik siyasi meyllərin ölkəmizdə zəyifliyinin daha bir səbəbi ondadır ki, bir çoxumuz, iqtidara uduzulacaq hər cür mövzuda müzakirəyə gedirik. Halbuki, qalibiyət üçün xəyal gücümüzü buna kökləməliyik: iqtidarın, millət kimi üzdə-sözdə paylaşdığımız və qanunlarımızda əksini tapmış dəyərlərdən doğan əsaslı bir mövqeyi var. Onun yanlış olduğunu xalqa bir tək həmin çərçivədə sübut etmək mümkündür. Əks təqdirdə, mövqe fərqimiz o dəyərlər baxımından xalqa "məqbul" kimi görünəcək, beləliklə də iqtdar siyasi legitimlik qazanacaq.
Məsələn, götürək açıq-aydın uduzulan siyasi məhbuslar mövzusunu. Uzun illərdir hamıya deyirəm ki, Azərbaycana bu mövzuda ən yaxşı kömək - Avropa İnsan Haqları Məhkəməsində "siyasi" deyilən işlərin baxılmasının sürətləndirilməsidir. Lakin yerli demokratların təkidilə bir ildən çoxdur Siyasi Məhbuslar üzrə Məruzəçi vəzifəsi Avropa Şurasında bərpa edildi. Ortada heç bir nəticə yoxdur, iqtidar isə Avropa Şurasını ikili standartlarda qınamaq üçün gözəl imkan əldə etdi... Və ya bu günlərdə Milli Məclisdə qopmuş "avroparlament" qalmaqalı. Erməni lobbisi Avropa Parlamentinin başını 2006-cı ildə daşa elə döydürməyib ki, indi onun Azəraycanda azadlıqlar haqda sözü keçərli olsun. İşğal, köçkün-qaçqın qalıb bir tərəfə, götürüb qətnamə qəbul edir ki, Azərbaycanda erməni abidələri sökülüb. Yaxşı, bəs Ermənistanda Azərbaycan abidələrinə nə olub? Bu haqda susur. Sonra həmin avrodeputatlar növbəti qətnamədə deyəndə ki, Azərbaycanda söz azadlığı boğulur, iqtidar bilərəkdən mövzunu şişirdir və Avropa Parlamentini "erməni təlxəyi" qiyafətinə geyindirir. Beləliklə də, Avropa Birliyinin Azərbaycanı demokrasiyə doğru isiqamətləndirmək üçün illərcə apaığı səmimi, dürüst, faydalı işlər az qala boşuna çıxır.
Heç şübhəsiz, iqtidarın siyasi mübarizəyə yanaşması zora əsaslansa da daha mürəkkəbdir, özlərini demokrat düşünənlər isə elə bil instinktlərlə yönətilir. |